Qazi: Həmrəyliyimiz nəticəsində Qələbə qazandıq VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
2015-ci ildə müddətdən artıq hərbi xidmətçi kimi xidmətə başladım. Xidmətimi tankçı kimi davam etdirirdim. 2020-ci ildə Tovuz döyüşlərində iştirak etdim. Həmin ilin sentyabrında isə düşmənin törətdiyi təxribatlara cavab olaraq Ali Baş Komandanın əmri ilə əks-həmlə əməliyyatları başladı və hər bir azərbaycanlı kimi mən də ərazi bütövlüyümüz uğrunda döyüşlərə atıldım. Daşkəsən, Kəlbəcər istiqamətində, Murovdağda döyüşdüm. Mən həyatım boyunca elə bir şey görməmişdim, hər kəs sevinir, ruh yüksəkliyi ilə irəli atılırdı.
Üç tankla hücumda idik, xeyli irəliləmişdik. Qarşıda düşmənin üç postu var idi. Onları ələ keçirdikdən sonra növbəti əmri gözləyirdik. Yerimizi dəyişib irəli getmək istəyəndə tankı yandan vurdular. Dağın üstündə idik. Vuran kimi tank fırlanmağa başladı. Tankımız növbəti dəfə vuruldu. Tankın içində qaldım. Döyüş yoldaşlarım məni tankın içərisindən çıxarıb təxliyə etdilər. Əlim iki yerə bölünmüşdü. Yadıma düşdü ki, bayrağım vurulan tankda qalıb. Geri qayıdıb bayrağı götürmək istədim, həkimlər imkan vermədilər. Bu hal o qədər pis təsir etdi ki, mən yarım saat bayraqdan ötəri ağladım. Ən böyük arzum o idi ki, bayrağı azad etdiyimiz ərazilərdən birinə asım. O da qismət olmadı.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi qazisi Sabir Haqverdiyev deyib.
Qazinin sözlərinə görə, əldə edilən Qələbənin səbəbi xalqın birliyi, kiçikdən-böyüyə hər kəsin ön cəbhəyə dəstəyini müxtəlif yollarla ifadə etməsi idi: “Sadə vətəndaşlar cəbhə xəttinə tez-tez nəsə göndərirdilər. Bütün bunlar bizə ruh verirdi. Hamı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Həmrəyliyimiz nəticəsində Qələbə qazandıq. Bu, həqiqətən də qürurverici bir hissdir. Sevinirəm ki, az da olsa, Zəfərdə payım olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Prezident İlham Əliyevdən də, xalqımızdan da razı olsun. Qazilər də, şəhid ailələri də dövlət dəstəyini daim hiss edir. Ağstafa rayonunun Qırlı kəndində yaşayıram. Evimizin vəziyyəti ürəkaçan deyildi. Buna görə də “YAŞAT” Fonduna müraciət etdim. Heyət göndərildi, evə baxış keçirildi, sonra isə pul ayrıldı. Fonda ianə edən hər kəsə özümün və ailəmin adından dərin minnətdarlığımı bildirirəm”.