Qubada 53 minə yaxın şəxs üçüncü doza peyvənd olunub VİDEO
Quba, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda bu günə kimi 53 minə yaxın şəxs COVID-19 infeksiyasına qarşı üçüncü doza peyvənd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə rayonda vətəndaşlara 150 min dozaya yaxın peyvənd vurulub.
Quba rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılır. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə iki mərkəzdə aparılır. Sakinlər Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə Diaqnostika Mərkəzində peyvənd olunurlar.
Quba Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Amil Həsənov bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Qubada vaksinasiya prosesi gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.