Gəncə şəhər sakinlərində narkotik vasitə aşkarlanıb VİDEO
Gəncə, 8 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və digər tabeli qurumların əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri - Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman heroin, metamfetamin, qurudulmuş marixuana və digər narkotik vasitələr aşkarlanıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran İslam Respublikasının vətəndaşı olan, adı hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə vasitəsilə əlaqəyə girərək ondan birbaşa təmas olmadan bir neçə dəfə narkotik vasitə alması müəyyənləşdirilib.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil veriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.