Bağ evindən 5 min manatlıq təmir-tikinti ləvazimatları oğurlayan şəxslər yaxalanıblar VİDEO
Bakı, 10 yanvar, AZƏRTAC
Nardaran qəsəbəsinin Ləhiş bağlarında yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı saxlanılan paytaxt sakinləri Cavidan Namazov, tanışları Tural Həşimov və Nihad Əliyev tutulublar. Araşdırma zamanı onların bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.
C.Namazovun hadisə baş verən evdə usta işlədiyi müəyyənləşdirilib. Dəstə üzvləri həmin evdən onun təklifi ilə oğurluq ediblər.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Həmin şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.