Həkim: Hazırda üçüncü ilə yanaşı, dördüncü dozanı qəbul edən sakinlərimiz də var VİDEO
Astara, 11 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Koronavirusa qarşı mübarizədə əsas amil vaksinasiyadan keçməkdir. Lakin istər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır. Bu zaman növbəti gücləndirici vaksinin vurulması zərurəti yaranır. Ona görə də, mütəxəssislər koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksini - “buster” dozanın vurulmasının vacib olduğunu deyirlər. Artıq respublikamızda gücləndirici doza qəbulu kütləvi hal alıb. Digər rayonlarımızda olduğu kimi, Astara rayonunda da əhalinin COVID-19 infeksiyası əleyhinə buster doza ilə peyvəndlənməsi prosesi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Astara Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin vaksinasiya prosesi həyata keçirilir. Hazırda xəstəxananın poliklinikasında əhaliyə buster doza vurulur. Belə sakinlərdən biri də Həcər Həsənovadır. O, vaksinasiyanın əhəmiyyətindən danışarkən deyib: “Hər kəsə məsləhət görürəm ki, üçüncü doza peyvəndi də qəbul etsinlər. Allah dövlətimizdən razı olsun, vaksin pulsuz vurulur. Bütün işlər biz sakinlərin sağlamlığı üçün görülür. Qayğımıza qalırlar, əhalinin sağlamlığı qorunur. Mən də bir vətəndaş kimi öz növbəmdə gəlmişəm ki, növbəti vaksini vurdurum. Həm özümü qoruyum, həm də ətrafımdakıları”.
Digər sakin Fuad Abdullayev isə qeyd edib ki, o da üçüncü doza vurduracaq. “Üçüncü dozanın vaxtı idi. Şükür Allaha, bu günədək heç bir narahatçılığım olmayıb. Könüllü gəldim ki, üçüncü dozanı da vursunlar. Hər kəs gəlib vaksin olunsun ki, xəstəlik yayılmasın. Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün insanları peyvənd olunmağa çağırıram”, - deyə o bildirib.
Qeyd edək ki, 110 min əhalisi olan Astara rayonunda insanların sağlamlığının keşiyində 100-ə yaxın həkim dayanır. Hazırda xəstəxananın poliklinika şöbəsində əhali könüllü olaraq buster doza qəbul edir.
Poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova əhalinin vaksinasiyada iştirakından razılıqla danışıb. Deyib ki, vaksinasiya prosesi başlayandan bu günə kimi rayonda, ümumilikdə, 100 mindən çox peyvənd vurulub. Ötən ilin sentyabr ayından bu günə kimi isə 10 mindən çox sakin buster doza ilə peyvəndlənib: “Hazırda üçüncü ilə yanaşı, dördüncü dozanı qəbul edən sakinlərimiz də var. Bu da onların immunitetinin daha da yüksəlməsində və yoluxma riskinin aşağı düşməsində əhəmiyyətli rol oynayır”.
Həkimlərin də dediyi kimi, peyvənd olunmağın alternativi yoxdur. Peyvənd kampaniyası başlayan gündən mütəxəssislər bildirirlər ki, tərəddüd etmədən vaksin olunmaq lazımdır. Hər birimizin və bütövlükdə bəşəriyyətin nicatı yalnız vaksinasiyadan asılıdır. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə aktiv qoşulmaqdır. Çünki əks halda həyatımızın normala dönməsi mümkün deyil.