Prezident: Ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, məşğulluğu, istehsalı və ixracı artırmaq bu gün də gündəlikdədir VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Uzun illər ərzində torpaqlarımızla yanaşı, çaylarımızın da işğal altında olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək bizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi.
Sovet İttifaqı dövründə vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksinin olduğunu, bölgü aparıldığını xatırladan Prezident İlham Əliyev deyib: “Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir”.