Qubada oğurluq edən dörd nəfər saxlanılıb VİDEO
Quba, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir İslamov, eləcə də Xaçmaz rayon sakinləri Məhsim Şəfiyev, Bəxtiyar Bağırov və Tofiq Zeynalov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Quba rayonu ərazisində müxtəlif obyektlərdən mis naqillər, tikinti texnikalarına aid ehtiyat hissələr, 630 manat dəyərində elektrik dirəklərinin dəmir konstruksiyalarını və kişi ayaqqabıları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.