Vətən müharibəsi şəhidi Nizaməddin İsmayılovun xatirəsi anılıb VİDEO
Füzuli, 13 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan şəhid İsmayılov Nizaməddin İsmayıl oğlunun ad günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, qazi və müharibə iştirakçıları, məktəblilər iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
Çıxış edənlər Nizaməddinin həyatından və qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, Nizaməddin İsmayılov 1981-ci il yanvarın 10-da Bala Bəhmənli kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərb sənətinə marağı olan Nizaməddin 1999-cu ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini layiqincə yerinə yetirdikdən sonra o, 2002-ci ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Gizirlik Hazırlıq Məktəbində tağım komandiri müavini vəzifəsini bitirib. 2003-cü ildən N saylı hərbi hissədə sülhməramlı taborda xidmətə başlayıb. Nizaməddin 2008-ci ilə kimi İraqda sülhməramlı taborda xidmət edib. 2008-ci ildə başqa bir hərbi hissədə tağım komandiri işləyib. 2011-ci ildən isə ön cəbhədə yerləşən hərbi hissələrdən birində minaatan batareyada fəaliyyətini davam etdirib. Xidməti dövründə bir çox medal və fəxri fərmanlarla təltif olunub. Aprel döyüşlərində şücaəti ilə seçilib. Vətən müharibəsində də ön sıralarda yer alıb. Cəbhənin yarılmasında qəhrəmanlığı ilə seçilən Nizaməddin qəhrəmancasına şəhid olub.
Nizaməddin İsmayılov ailəli olub, iki övladı yadigar qalıb.
O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndın azad olunmasına görə” medalları ilə təltif edilib.