İlin ilk on günündə 127 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk on günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 31 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində qanunsuz dövriyyədən 127 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də psixotrop tərkibli 1821 həb çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən ilk tədbir zamanı Beyləqan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar. Həmin şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən iki ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və satışı qadağan edilən 1480 ədəd preqabalin həbi aşkarlanıb.
Baş İdarə əməkdaşlarının Sabirabad rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı Hidayət Məmmədov saxlanılıb. Ona külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonunda tutulub. Həmin şəxslərdən və O.Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Həyata keçirilən daha bir əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar edilib.
Adları sadalanan 7 nəfərin beynəlxalq narkoşəbəkənin üzvləri olduqları müəyyənləşdirilib. Onların Asiya ölkələrindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışdıqları məlum olub.
Paytaxtda, eləcə də Abşeron rayonunda keçirilən növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkarlanaraq götürülüb.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhərində və Astara rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan 8 nəfər tutulub. Onlarda 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.