İşlədiyi obyektdən və evdən oğurluq edən şəxslər tutularaq məsuliyyətə cəlb olunublar VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində metal konstruksiyalar oğurlayan şəxslər Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən şəxs - əvvəllər məhkum olunmuş Muraz Süleymanov, tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar. Araşdırma zamanı onların M.Süleymanovun təklifi ilə həmin obyektdən iki dəfə metal konstruksiyalar oğurladıqları məlum olub.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb. N.Hacıyevin hadisə baş verən evdə usta işlədiyi müəyyənləşdirilib. Faktlarla bağlı 15-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Həmin şəxslərin digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.