Sərdar Ünsal: Ən xırda yeraltı təkan belə “Metsamor”u dağıdıb regional fəlakət törədə bilər VİDEO
Ankara, 14 fevral, AZƏRTAC
Anadoluda və Qafqazda seysmoloji gərginlik, “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı regional təhlükə yuxumuzu ərşə çəkib. Bu stansiya saatlı bomba kimi bizi təqib edir. Beynəlxalq ictimaiyyət gecikmədən öz etiraz səsini ucaltmalı, “Metsamor”un bağlanması təmin edilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib.
“Metsamor”un 1988-ci ildə Spitakda baş verən zəlzələdən ciddi zərər gördüyünü xatırladan Sərdar Ünsal deyib ki, beynəlxalq ictimaiyyət bölgə üçün fəlakət təhdidi olan bu məsələni sükutla qarşılamamalıdır.
Qeyd edək ki, fevralın 13-də Türkiyə vaxtı ilə saat 21:25-də Ermənistanın Şirak bölgəsində Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyənin Qars bölgəsində 3 tikilidə dağıntıya səbəb olub. Təbii fəlakət bölgəsinə daha yaxın olan Qarsda və İğdırda əhali küçələrə axışıb. İnsanlar gecə saatlarını küçə və meydanlarda qaladıqları ocaqların başında keçiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara