Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs tutulub VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Balaxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və yaşadığı evdə qanunsuz odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə əvvəllər məhkum edilmiş Zaur Əfəndiyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs keçirilən tədbirlər nəticəsində saxlanılıb. Onun üzərinə baxış zamanı 28 qram tiryək və heroin aşkar edilib.
Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd TT markalı tapança, 5 patron və 1 patron darağı aşkar edərək götürüblər. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zaur Əfəndiyev barəsində məhkəmələrin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.