Ziya Zakir Acar: Qəzalı vəziyyətdə olan “Metsamor” bölgəyə ağır fəlakət “vəd edir” VİDEO
Ankara, 14 fevral, AZƏRTAC
Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının qəzalı vəziyyətdə olması İqdır əhalisini daim təşvişdə saxlayır. Bölgəmiz seysmoloji cəhətdən fəal bölgədə yerləşir. Ermənistandakı zəlzələ dünən axşamdan bəri narahatlığımızı daha da artırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Ziya Zakir Acar ifadə edib.
“Metsamor” Atom Elektrik Stansiyasındakı qəzalı vəziyyətin təkcə Ermənistan üçün deyil, bütün bölgəyə fəlakət “vəd etdiyini”, eləcə də bu stansiyanın 1988-ci ildə baş verən Spitak zəlzələsində ciddi zədə aldığını diqqətə çatdıran dərnək sədri stansiyanın qanunsuz fəaliyyəti ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. Ziya Zakir Acar vurğulayıb ki, Ermənistan rəhbərliyinin “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinə öz məsələləri kimi yanaşmağa haqqı yoxdur.
Qeyd edək ki, fevralın 13-də Türkiyə vaxtı ilə saat 21:25-də Ermənistanın Şirak bölgəsində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyənin Qars, Ağrı, İqdır və Ərdahan vilayətlərində hiss olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara