Avtobusda qadın sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxslər yaxalanıblar VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər avtobusda qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “Iphone 12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının zərərçəkənin şikayəti əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı 26-cı polis bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Cəlil Hacağayev və Ələddin İsrafilov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.