Siyəzəndə 40-a yaxın asma mühərrikli qayıq texniki baxışdan keçib VİDEO
Siyəzən, 16 fevral , Elxan Yusifli, AZƏRTAC
Fevralın 16-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Siyəzən rayonun Balaca Həmyə kəndi ərazisində 40-a yaxın kiçikhəcmli gəmiyə texniki baxış keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoxlanışdan keçən kiçikhəcmli gəmilərin sahiblərinə texniki baxış aktı təqdim olunub.
Baxış zamanı gəmilərin texniki sənədləri, gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələbləri və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılıb.
Texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 38 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Yoxlanış cari ildə kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq digər regionlarda davam etdiriləcək.