“YAŞAT” Fondu 20 gün komada qalan qazinin müalicəsi ilə yanaşı, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da dəstək göstərib VİDEO
Bakı, 16 fevral, AZƏRTAC
“İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən Vətən müharibəsi qazisi Misir Axundov ağır, məşəqqətli, lakin çox şərəfli bir döyüş yolu keçib. Hətta hərbi hissəyə onun şəhid olması xəbəri də çatıb.
AZƏRTAC xəbər verir ki, Misir Axundovun döyüş yolu 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda döyüşlərdən başlayıb.
Cəsur döyüşçü o günləri belə xatırlayır: “Bir gün meşədə sığınacaqda qaldıq. Mən öndə mövqe tutaraq düşmənin hərbi hissə və ağır artilleriyalarının koordinatlarını döyüşçülərə ötürürdüm. Lakin ermənilər yerimizi aşkarlayaraq bizi hədəfə aldılar. Döyüş yoldaşım ayağından yaralandı, ona ilkin tibbi yardım göstərdim. Sonra onun rabitə vasitəsini götürərək irəli getdim. Müşahidə zamanı lap yaxınlığıma top mərmisi düşdü. Güclü partlayışdan nə baş verdiyini xatırlamıram. Hərbi hissə komandiri məni atəş zonasından çıxarıb və nəbzimin vurmadığını görüb, həlak olduğumu düşünüb. Hərbi hissəyə də bu barədə məlumat verilib. Məni həlak olmuş bilib, morqa yerləşdiriblər və üç gün orada qaldıqdan sonra ani refleks nəticəsində sağ olduğumu görüb təcili Bakıya göndəriblər. Mərkəzi Gömrük Hospitalında başımdan əməliyyat olunmuşam. Huşum özümə gələndə tibb işçilərinin başımın üstündə dayanaraq “qorxma, səni xilas edəcəyik, razı olmarıq ki, sənə nəsə olsun” dediklərini eşitdim”.
Qazi deyir ki, müharibə çox amansızdır. “Lakin heç nəyə baxmadan deyə-gülə döyüşlərə qatılır, əhvalımızı yüksək tutur, hamımız bir yerdə mahnı və marş oxuyurduq. Rastımıza çıxan, üzləşdiyimiz mülki vətəndaşlar bizə ürək-dirək verir, çox böyük ruh yüksəkliyi yaradırdılar. Əlbəttə, haqq bizim tərəfimizdə idi, biz ədalətli müharibə aparırdıq. Ata-baba torpağımızı, yurd-yerlərimizi azad etmək üçün döyüşürdük. Bu, bizə çox böyük güc-qüvvət verirdi. Şükür ki, əziyyətimiz yerdə, arzumuz ürəyimizdə qalmadı. Hamımız birləşərək “dəmir yumruq” olduq və düşmənə sarsıdıcı zərbə vurduq”, - deyə o əlavə edib.
Qazinin anası Mətanət Əkbərova bildirib ki, müharibə dövründə övladından bir müddət zəng gəlmədiyinə görə onu axtarmağa başlayıblar: “Misir 20 gün komada qalandan sonra öyrəndik ki, onu Gömrük Hospitalına yerləşdiriblər. Həkim və tibb işçilərinin birgə səyi ilə onu həyata qaytarıblar. Evə qayıdandan sonra o, altı aydan sonra yenidən komaya düşdü. Onu Tərtər rayonundan təcili yardımla xəstəxanaya çatdırdıq. “YAŞAT” Fondu bizə kömək əlini uzatmasaydı, yəqin ki, Misiri itirə bilərdim. Fondun 8110 “Çağrı Mərkəzi”nə müraciət etdik. Oğlumu hospitala yerləşdirib əməliyyat etdilər. Onu ikinci dəfə həyata “YAŞAT” Fondu qaytardı. Bunun üçün bir ana kimi onlara çox minnətdaram”.
Atası Hilal Axundovun sözlərinə görə, “YAŞAT” Fondu qazinin müalicəsi ilə yanaşı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də dəstək göstərib. “Evimizin dam örtüyü çox bərbad halda idi, onun dəyişdirilməsinə dəstək göstərdilər. Şəhid ailələrinə, qazilərə kömək edən belə bir Fond təsis etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Xalqımız sağ olsun ki, müharibə dövründə olduğu kimi, indi də ianələri ilə dəstəyini davam etdirir”, - deyə qazi atası vurğulayıb.