Türkiyənin Osmaniyə Korkut Ata Universitetində keçirilən konfransda Xocalı soyqırımı qatillərinin mühakiməsi tələb olunub VİDEO
Osmaniyə, 16 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncama uyğun olaraq, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin Osmaniyə Korkut Ata Universitetində “Xocalı soyqırımının otuzuncu ildönümündə və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Osmaniyə Korkut Ata Universitetinin professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Sonra bədii proqram təqdim edilib.
Konfransın açılışında Osmaniyə Korkut Ata Universitetinin rektoru, professor Turqay Uzun və Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalovun çıxışları dinlənilib.
Çıxışında şəhidlərimizə Allahdan rəhmət diləyərək, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan rektor Turqay Uzun Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının bütün dünya üçün nümunəvi olduğunu ifadə edərək bildirib ki, dara düşəndə də, xoş günlərdə də bir yerdə olan xalqlarımız Xocalı soyqırımının acısını əbədiyyətə qədər birlikdə yaşayacaqlar.
Xocalı soyqırımını erməni faşizminin Azərbaycan və Türkiyədə törətdikləri ağır cinayətlərin ən amansızı olduğunu ifadə edən diplomat Elxan Zeynalov iki qardaş ölkənin tarixi köklərindən danışıb. O bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər Xocalı soyqırımının dünya miqyasında siyasi-hüquqi qiymət verilməsi baxımından mütəşəkkil fəaliyyət istiqamətidir.
Sonra Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli məruzə ilə çıxış edib. Qədim Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, saxta “böyük Ermənistan” ideologiyası əsasında erməni toplumuna “türk düşmənçiliyi” fikrinin aşılanması, nəhayət, təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsasız şəkildə qaldırdığı ərazi iddiası, Xocalı soyqırımı və s. barədə ətraflı məlumat verən Mərziyə Məmmədli 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan rəşadətli Qələbədən danışıb.
Məruzəçi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edib.
Çıxışlarda Xocalı soyqırımı XX əsrdə insanlığın üz qarası kimi dəyərləndirilib, bu bəşəri cinayəti törədənlər lənətlənib və cinayətkarların beynəlxalq məhkəmələr tərəfindən mühakiməsi tələb edilib. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı tarixi qələbə iki qardaş xalqın birliyinin təntənəsidir.
Çıxışçılar Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək dəyərləndiriblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, birgə qərarları, qətiyyətli mövqeləri iki doğma xalqın və ölkənin bərabər inkişafını təmin edir.
Konfransdan sonra iştirakçılar AZƏRTAC-ın arxivində saxlanılan Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Konfrans Azərbaycanın Türkiyədəki səfirliyi və Osmaniyə Korkut Ata Universiteti tərəfindən birgə təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Osmaniyə