Vətən müharibəsi şəhidi Fariz Babayevin xatirəsi anılıb VİDEO
Füzuli, 17 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Fariz Babayevin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsinin anıldığı toplantıda şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, Birinci və İkinci Qarabağ müharibələri qaziləri, Bala Bəhmənli kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər Fariz Babayevin Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, Babayev Fariz Zakir oğlu 1984-cü il fevralın 15-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Hələ uşaq ikən müharibənin nə olduğunu anlayan Fariz gələcəkdə hərbçi olmaq arzusu ilə yaşa dolub. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Fariz hərb sirlərinə yiyələnib. O, xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Xidməti illərində çavuş rütbəsi alan Fariz 2020-ci il sentyabrın 27-də düşmən təxribatına qarşı başlanan əks-hücum zamanı ön sıralarda yer alıb. Döyüş yolu Füzulidən başlayan Fariz Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlığı və şücaəti ilə seçilib. Bir çox uğurlu tapşırıqların öhdəsindən gələn Fariz və döyüşçü yoldaşları düşmənə sarsıdıcı zərbələr vurublar. Noyabr ayının 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı Fariz qəhrəmancasına döyüşərək şəhid olub.
Babayev Fariz Zakir oğlu Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğurunda", "Cəsur döyüşcü", "Xocəvəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Fariz ailəli olub, 2 övladı yadigar qalıb.