CƏMİYYƏT
Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Ondan 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
İdarənin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Abşeron rayon sakini Şahin Qurbanov və Lalə Məmmədova saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barələrində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.