2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” kimi qeyd ediləcək
Bakı, 24 may, AZƏRTAC
BMT-nin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 2015-ci ilin sentyabrında Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul olunmuş qətnaməsinə əsasən 2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” elan edilib.
AZƏRTAC xəbər verir ki, “Beynəlxalq davamlı turizm ili”nin müvafiq tədbirləri hökumətlər, BMT-nin aidiyyəti qurumları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. “Beynəlxalq davamlı turizm ili”nin BMT-nin Dünya Turizm Təşkilatına digər üzv ölkələr ilə yanaşı, Azərbaycanda qeyd edilməsi məqsədilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.
Qeyd edək ki, “Beynəlxalq davamlı turizm ili”nin qeyd edilməsinin əsas məqsədi turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması və təbliği, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.