CƏMİYYƏT
Son 18 ildə imzalanan 35 əfv sərəncamı 5672 nəfərə şamil olunub VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində yerini möhkəmləndirib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Ümummilli lider Heydər Əliyevin əsasını möhkəm təməllər üzərində qoyduğu humanizm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 11-də nazirlikdə keçirilən mətbuat konfransında ifadə edib.
İdarə rəisi qeyd edib ki, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini hər zaman həssaslıqla nəzərə alan dövlətimizin başçısı bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Son 18 ildə 35 əfv sərəncamı imzalanıb və bunlar 5672 nəfərə tətbiq olunub.
“Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib”, - deyə Aynur Sabitova vurğulayıb.