REGİONLAR
Ən böyük arzusu torpaqlarımızı azad görmək idi, bu yolda da şəhidlik məqamına yüksəldi VİDEO
Göyçay, 12 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan övladlarımızdan biri də Göyçay rayonunun Şıxbəy kəndində anadan olan Qismət Yolçu oğlu Qasımovdur.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi başlayanda Qismətin 27 yaşı olub. Ürəyindəki arzuları çox olsa da, ən böyük arzusunu həyata keçirmək üçün silaha sarılaraq döyüşlərə qatılmağa qərar verib. Anası deyir ki, Qismət uşaqlıqdan həm vətənpərvər, həm də zəhmətkeş oğul idi. Atası dünyasını dəyişdikdən sonra evin yükü Qismətin üzərində olub.
Müharibənin ilk günlərindən döyüşlərə qatılan Qismət Qasımov silahdaşları ilə bərabər düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Qismət Qasımov göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.