REGİONLAR
Qasırğa taxıl sahələrinə böyük zərər vurdu – aqrar sığorta işə düşdü VİDEO
Qobustan, 14 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ölkədə indiyədək qeydə alınan ən böyük sığorta hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Qobustan rayonunda əsən güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayonda çoxsaylı fermer təsərrüfatlarını əhatə edib. Baş verən hadisə nəticəsində rayonun - Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilminli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus, ümumilikdə, 400 hektara yaxın sığortalanmış taxıl əkini sahələri qasırğadan zərər görüb.
Ərəbqədim kənd sakini Eynulla Sahibov deyir ki, güclü külək səbəbindən əkin sahələri məhv olub. Qasırğa torpaq qatını bir ərazidən digər taxıl sahəsinə atıb. Nəticədə hər iki sahədə olan məhsul yararsız hala düşüb.
Əkin sahələri qalın qum qatı ilə örtülüb, burada əkilən bitkilər ciddi zədələnib. Bəzi ərazilərdə baş verən qasırğa və güclü külək nəticəsində taxıl bitkiləri kökündən çıxaraq məhv olub. Yerli fermerlər hadisə nəticəsində əkin sahələrində məhsulun qismən və ya tamamilə itirildiyini, böyük zərərə düşdüklərini bildiriblər.
Ərəbqədim kənd sakini 70 yaşlı Ağababa Cavadov belə hadisənin ilk dəfə şahidi olduğunu deyir. “Kəndimizdə əkinəyararlı 3400 hektar sahə var. Payız mövsümündə bu ərazilərin hamısında taxıl əkilmişdi. Güclü külək, qasırğa nəticəsində həmin sahələrin 20 faizi ciddi zərər görüb”, - deyə o bildirir.
Nihad Sahibovda Ərəbqədim kənd ərazisində 50 hektar taxıl əkib. Onun sözlərinə görə, 50 hektardan cəmi 14 hektar sahəni sığortaladıb: “Baş verən güclü külək nəticəsində bizim əkin sahələrimizə də ziyan dəydi. Biz sığorta şirkətinə məlumat verdik, onlar gəlib ilkin baxış keçirdilər, dəyən zərəri qiymətləndirdilər. Biz ümid edirik ki, sığorta pulumuz veriləcək, bizə kömək göstəriləcək. Heyf ki, bütün sahəni sığortalatmamışıq. Onun əziyyəti özümüzə qalacaq”.
Hadisənin nəticələri ilə yerində tanış olmaq və sığorta hadisəsini araşdırmaq məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi, Fondun Hadisələrin araşdırılması və tənzimlənməsi şöbəsinin əməkdaşları, eləcə də bitkiçilik üzrə müstəqil aqrar sığorta ekspertləri Qobustan rayonunda olublar. Rayonda sığorta hadisəsi baş verən əkin sahələrinə baxış keçirilib, əkin sahələrini sığortalamış fermerlərlə görüş keçirilib.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, ümumilikdə, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib: “İlkin müraciətlərə və məlumatlara əsasən, ümumilikdə, 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlk qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır. Baş verən hadisə qanunda nəzərdə tutulan prosedurlara uyğun araşdırılacaq, fermerlərə dəyən zərər müəyyən ediləcək və ona uyğun ödənişlərin edilməsi nəzərdə tutulur”.
Fuad Sadıqov fermerləri belə hallarda zərərlə üzləşməmək üçün aqrar sığortadan faydalanmağa çağırıb: “Aqrar sığorta mexanizminin əhatə etdiyi risklər sırasında qasırğa və fırtına da yer alır. Bu halların fermerlərə necə böyük zərər vurduğu göz qabağındadır, onu nəzərə alaraq fermerləri öz əkin sahələrini sığorta etməyə çağırıram. Sığortanın faydası ona çəkilən xərcin məbləğindən müqayisəedilməz dərəcədə böyükdür. Fermerlər böyük zəhmət hesabına becərdikləri əkinlərin məhv olması nəticəsində zərərlə üzləşməmək üçün dövlətin onlara yaratdığı bu imkandan faydalanmalıdırlar”.
Qarşıdakı günlərdə müstəqil aqrar sığorta ekspertləri tərəfindən hadisədən zərər dəyən ərazilərdə araşdırma və zərərin qiymətləndirilməsi işləri aparılacaq. İşlər başa çatdıqdan sonra dəyən zərərlərin qarşılanması üçün qanunvericiliyə uyğun addımlar atılacaq.
Fermerlər baş verən hadisə barədə Fond rəhbərliyinə məlumat veriblər və Aqrar Sığorta Fondunun hadisəyə belə çevik reaksiyasından məmnun qaldıqlarını bildiriblər. Hadisədən zərər çəkən, amma əkin sahələrini sığorta etməyən fermerlər aqrar sığortadan istifadə etmədiklərinə görə peşman olduqlarını bildiriblər.