REGİONLAR
Cəlilabadda üzüm bağlarında yeni, məhsuldar sortlardan ibarət yarma calağı vurulur VİDEO
![](/files/galleryphoto/2022/1/1200x630/16472433273639462976_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16472433272882538127_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1647243327818459950_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1647243327329404415_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16472433274353059158_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16472433274794356406_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16472433275479763061_1200x630.jpg)
Cəlilabad, 14 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Cəlilabadda ata-babalarımızın calaqetmə təcrübəsindən geniş istifadə olunmaqla, hər il yeni üzüm növləri artırılır. Bu üsulla bağlardan bol və keyfiyyətli üzüm məhsulu yığılır. Hazırda bir müddətdir ki, fermerlər bağlarda yarma üsulu ilə calaq işlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarma calağı erkən yazda vurulur. Əvvəlcə calaq olunacaq ağac kök boğaz hissəsindən kəsilir, iti alətlə yarı bölünür, calaqüstü çərtilərək yarığa keçirilir. Yarığa su keçməməsi üçün calaqaltı möhkəm sarınır. Yarma calaqla vurulan iki qələm üzərində 4 göz saxlanılır. Üzümlərdə bu calaq növündə bəzən calaqüstü daha çox inkişaf edir, ona görə birinci il həmin kollar bar üçün nəzərdə tutulmur. Hazırda fərdi təsərrüfatlarda bu cür calaqlar köhnə üsulla həyata keçirilsə də, son illər istehsal olunan müxtəlif müasir alətlərlə xüsusi formalı kəsim aparılaraq calaq edilir. Bu calaq cavan - bir, yaxud iki illik tinglərdə aparılır.
Fermer Mirhüseyn Cəfərov deyib: “Bu sahə 15 il bundan əvvəl yarma calağı üsulu ilə saldığımız bağdır. Mövcud vəziyyəti görürsünüz. Bu ağaclar məhsuldarlığı, şəkərliliyi və xəstəliklərə davamlılığı ilə seçilir. Yaz mövsümü öncəsi bağımızda yarma calağı aparırıq. Calaq işləri martın birinci ongünlüyündən aprelin birinci ongünlüyünə kimi davam edəcək. Bu mövsüm qarşımıza məqsəd qoymuşuq ki, bir hektar calaq olunan ərazidən 18-20 ton arası məhsul götürək. İnanırıq ki, aqrotexniki qulluqlardan sonra bu hədəfimizə çatacağıq”.
Ümumiyyətlə, calaq əsasən üç dövrdə və bir neçə formada aparılır - erkən yazda, ağaclar tumurcuq açmazdan əvvəl, may-iyun və sentyabr aylarında. Bağ sahibi Mirhüseyn Cəfərov əsasən bölgəyə xarakterik olan iki növ - yarma və göz calaqlarından istifadə edir. O, bu yaz üzüm bağlarında yeni sortlardan 800-ə yaxın yarma calağı aparacaq.
“Bağımızda məhsuldar ağaclar çoxdur. Adi ağacla, calaq olunmuş arasında təxminən 5-7 kiloqram məhsul fərqi var. Yəni, iriliyində fərq, salxım boyunda fərq var”, - deyə o bildirib.
Cəlilabad rayonu ərazisində üzüm bağlarının ümumi sahəsi 1400 hektardan çoxdur. Bu il fermerlər 20 hektara qədər əlavə üzüm bağları salıblar. Qeyd edək ki, rayonda təxminən 20 üzüm növü becərilir. Bunun 15 faizini yerli üzüm sortları təşkil edir. Yaxın vaxtlarda müasir tingçilik təsərrüfatının fəaliyyətə başlaması ilə yerli sortların əkin sahələrinin iki dəfə artırılması planlaşdırılır.