20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, institut direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov zaman-zaman xalqımıza qarşı törədilən qırğınlardan söz açıb, bunlardan ən dəhşətlisinin isə 20 Yanvar və Xocalı faciələri olduğunu söyləyib.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqın etirazlarının qarşısını almaq və başqa millətlərin hüquqlarını qorumaq bəhanəsi ilə Bakıya bir neçə istiqamətdə Rusiyanın Stavropol və Krasnodar vilayətindən formalaşmış 60 min əsgərdən ibarət qoşun yeridilib. 20 Yanvar faciəsi zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Qeyd edilib ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında faciəni törədənləri kəskin tənqid edib.
Çıxış edənlər 20 Yanvarın Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söyləyiblər. Bildirilib ki, nə qədər acı tarix olsa da, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini və əzmini qıra bilmədi. Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimiz yenidən öz müstəqilliyinə qovuşdu.
Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş olunub.