20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir
Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 36 il keçir. Xalqımız hər il 20 Yanvar faciəsini kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi qanlı cinayət olsa da, həm də xalqımızın qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümündə şəhidlərin xatirəsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da böyük ehtiramla anılıb. Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri Şəhidlər abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Mərasimdə edilən çıxışlarda bildirilib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 36 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi yaşayır.
Saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Tərtər rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.