20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Ukraynada matəm tədbirləri keçirilmişdir
Kiyev, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyevdəki ofisində yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş matəm tədbiri keçirilmişdir. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin iştirakı ilə UAK tərəfindən təşkil olunmuşdu.
UAK-ın ofisindəki otaqlardan birinin divarlarına qara parça çəkilmiş, yandırılmış şamlardan “23” rəqəmi yığılmışdı. Qara yanvar hadisələrini əks etdirən ağ-qara fotoşəkillərdən ibarət stendin dövrəsinə al-qırmızı qərənfillər düşülmüşdü.
Tədbirə toplaşanlar şəhidlərin nurlu xatirəsini bir dəqiqə sükutla yad etmişlər.
Matəm tədbirini giriş sözü ilə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açmışdır. Diplomat vurğulamışdır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 23 il bundan əvvəl Azərbaycanın qəhrəman oğul və qızlarının etdiyi kimi vətənin azadlığı və müstəqilliyi, əzəli torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda canından keçməyə hazır olmalıdır. O qeyd etmişdir ki, yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev, yüz minlərlə bakılı və şəhərin qonaqları Şəhidlər Xiyabanını ziyarət etmiş, xalqımızın qəhrəman övladlarının məzarları önünə tər çiçəklər qoymuş, onların hünəri qarşısında baş əyərək nurlu xatirələrini ehtiramla yad etmişlər.
Səfir onu da xatırlatmışdır ki, UAK, onun regional təşkilatları və Ukraynadakı Azərbaycan Gəncləri İttifaqının təşkilatçılığı ilə Ukraynada matəm tədbirləri keçirilmişdir və bu cür tədbirlər davam edir.
Sonra “Qanlı yanvar” sənədli filmi göstərilmişdir.
Filmin nümayişindən sonra yazıçı Əmir Pəhləvan çıxış etmiş, özünün “Vətən yaşasın!” şerini oxumuşdur. Bu günlərdə nüfuzlu “Kiyevski teleqraf” qəzetində dərc olunmuş “Cinayət var, cəza isə yoxdur” sərlövhəli məqalənin müəllifi, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev, UAK-ın sədri Hikmət Cavadov, Ukraynadakı azərbaycanlı gənclər adından Ruhəngiz Əliyeva çıxış etmişdir.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UAK fəalları və üzvləri, ruhanilərin, milli mədəniyyət mərkəzlərinin nümayəndələri. Kiyevdəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev