20 Yanvar faciəsinin 23-cü ildönümü Səudiyyə Ərəbistanı Krallığında da qeyd edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasim faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən səfir Rasim Rzayev 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış dinc insanlara qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermişdir. Faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu deyən diplomat bildirmişdir ki, Qanlı Yanvar sovet imperiyası rəhbərliyinin həyata keçirdiyi xəyanətkar siyasətin nəticəsi idi. Bu faciədə şəhid olan və yaralananlar arasında uşaqların, qadınların da olduğunu vurğulayan səfir R.Rzayev dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qırğını törədən cinayətkarların adlarını açıqlamış, onların cəzalandırılması tələbi ilə çıxış etmişdir. Səfir 20 Yanvar şəhidlərinin ailələrinin dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, onlara müvafiq təqaüd və müavinətlərin verildiyini qeyd etmişdir.
Tədbirdə “Azadlığa gedən yollar” sənədli filmi nümayiş olunmuş, mərasim iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotoguşə və materiallarla tanış olmuşlar.
Sonra Ər-Riyadın Kral Fəhd adına mərkəzi məscidində şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
20 Yanvar faciəsi ilə bağlı materiallar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinə, Ər-Riyad şəhərində yerləşən səfirliklərə və Ciddə şəhərindəki İslam Əməkdaşlıq Təşkilatına göndərilmiş, hadisələrdən bəhs edən məqalələr ölkə KİV-lərində yayımlanmışdır.