ELM VƏ TƏHSİL
Təhsil naziri məzunları təbrik edib VİDEO
234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də 234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Məktəbin direktoru Könül Məmmədli məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Onun sözlərinə görə, məktəbdə ümumilikdə 1267 şagird təhsil alır, onlardan 50 nəfəri bu il məzun olur.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Nazir ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
E.Əmrullayev daha sonra 2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışıb. O, görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. Gənc nəslin savadlı yetişməsində müəllimlərin zəhmətini yüksək dəyərləndirən nazir onlara təşəkkürünü bildirib.
Məzunlara gələcək həyatlarında uğurlar arzulayan şəhid Emin Əliyevin anası İbadət Əliyeva onlara Vətəni, xalqı, torpağı sevməyi tövsiyə edib.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
“Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.