REGİONLAR
Xalq artisti Fidan Hacıyeva və rəhbərlik etdiyi “Mezzo” orkestri İsmayıllıda Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert proqramı ilə çıxış edib VİDEO
İsmayıllı, 15 iyun, AZƏRTAC
İsmayıllıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın və rəhbərlik etdiyi Azərbaycanın ilk qadın orkestri “Mezzo”nun 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram konsertində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aparıcı Tərlan Əliyev iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. Vurğulayıb ki, məhz Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda mövcud olan xaosa, özbaşınalığa son qoyuldu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik bərpa olundu, bütün sahələrdə canlanma, inkişaf başlandı.
Sonra Fidan Hacıyevanın ifasında səsləndirilən “Şuşam mənim” mahnısı ilə rəngarəng konsert proqramı başlayıb. Konsertdə Fidan xanım Hacıyevanın, “Mezzo”nun, habelə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solistlərinin, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbi kollektivinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.
İki saatadək davam edən bayram konserti iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb.