Paola Severino: Əsasını qoyduğumuz bu əməkdaşlıq iki ölkənin əlaqələrinin inkişafına böyük töhfə verəcək VİDEO
Roma, 2 sentyabr, AZƏRTAC
Universitetlərimiz arasında əsasını qoyduğumuz bu əməkdaşlıq iki ölkənin əlaqələrinə, o cümədən həm italiyalı, həm də azərbaycanlı gənclərin biznes, aqronomiya, dizayn, mühəndislik, memarlıq, xüsusilə də iqtisadiyyat və mədəniyyət sahələrində inkişafına böyük töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliyanın Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino deyib.
“Azərbaycan ilə İtaliya tarix və mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bu oxşarlıq sayəsində biz digər sahələrdə də resursların mübadiləsini daha yaxşı formada həyata keçirə bilərik”, - deyə professor vurğulayıb.
Bakıya bir neçə dəfə səfər etdiyini xatırladan P.Severino Azərbaycanın paytaxtının gözəlliyinə heyran olduğunu, şəhərdəki tarixi və müasir binaların vəhdətinin onda xoş təəssürat yaratdığını qeyd edib: “Azərbaycana səfərlərim zamanı xalqlarımız arasında oxşarlığın şahidi oldum. Qədimliyi və müasirliyi özündə birləşdirən Bakını görəndə bir daha anladım ki, Azərbaycanla gözəl münasibətlər qurmaq olar”.
Xatırladaq ki, sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma