Şəhid Yunis Kazımov son mənzilə böyük izdihamla yola salınıb VİDEO
Qazax, 14 sentyabr, AZƏRTAC
Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Yunis Kazımov Qazax rayonunun Kəmərli kəndində dəfn edilib. Yunis Kazımov son mənzilə böyük izdihamla yola salınıb.
AZƏRTAC xəbər verir ki, şəhid Yunis Kazımovla vida mərasiminə toplaşanlar onu ehtiram və sevgi ilə yola salıblar. Mərasimdə rayon rəhbərliyi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinə bükülən üçrəngli bayrağımız atasına təqdim edilib.
Sonra yaylım atəşi açılıb.
Yunis Kazımov ailəli idi, 3 aylıq oğul övladı bizlərə əmanət qalıb.
Vətən uğrunda canından keçən baş leytenant Yunis Kazımov Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.