Zaqatalada yeni beton kanal çəkilir VİDEO




Bakı, 30 sentyabr, AZƏRTAC
Zaqatala rayonunda əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir. Bütün bu işlər Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, cari ildə suvarma kanallarının 425 min kubmetr hissəsinin lildən təmizlənməsi nəzərdə tutulub. Qobu çay suvarma kanalının davamı olaraq 2,3 kilometr torpaq məcralı Qandax kanalının 1 kilometr uzunluğunda beton üzlüklə əvəzlənməsi və üzərindəki qurğularla birlikdə təmir edilməsi planlaşdırılıb. Hazırda kanalda işlər sürətlə davam edir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022-ci il üçün təsdiqlənmiş istismar tədbirləri plana uyğun olaraq, Zaqatala Suvarma Sistemləri İdarəsi cari il ərzində rayon ərazisindən axan çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar, çay yatağının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini də həyata keçirir. Muxax çay sistemi üzrə 304 min, Tala çay üzrə 188 min, Katex çay üzrə 15 min, Bəkməz çay üzrə 17 min, Micqar çay üzrə 14 min kubmetr olmaqla, çaylarda cəmi 538 min kubmetr məcra təmizləmə işləri yerinə yetirilib. Suvarmanın təşkilində əhəmiyyətli yerə malik olan suvarma kanallarında isə 290 min kubmetr iş görülüb.
Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsi 15560 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. Hər il bu sahələrdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir.