FHN: Xətai rayonunda yaşayış binasında baş vermiş yanğında iki nəfər xəsarət alıb VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində binanın şaxtasından keçən 60 p.m elektrik kabelləri və zirzəmidə 6 kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 nəfər bina sakini yüngül xəsarət alıb.