İQTİSADİYYAT
Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidi tikilir VİDEO




Bakı, 12 oktyabr, AZƏRTAC
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci kilometrində tikilir.
Məlumata əsasən, layihə üzrə keçidin uzunluğu 53,4 metr, daxili eni 3,5 metr, pilləkən və pandusların eni isə 1,35 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.