SİYASƏT
WAM agentliyinin baş direktoru: AZƏRTAC-ın Qlobal Media Konqresdə təmsil olunmasından çox məmnunam VİDEO
Əbu-Dabi, 17 noyabr, AZƏRTAC
Bizimlə birlikdə Qlobal Media Konqresində olduğunuza görə minnətdaram. Konqres iştirakçılara yeni əlaqələrin qurulması və yeni texnologiyalarla tanış olmaq imkanı verir. Hətta tədbir iştirakçıları burada treninqlərə qatılmaq imkanı əldə edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında WAM agentliyinin baş direktoru və Qlobal Media Konqresin Təşkilat Komitəsinin sədri Məhəmməd Cəlal əl-Raysi söyləyib.
Əbu-Dabidə keçirilən Qlobal Media Konqresində Azərbaycan Dövlət İnformasiya Agentliyinin stendini ziyarət edən baş direktor AZƏRTAC-ın onun fəaliyyəti dövründə ziyarət etdiyi ilk xəbər agentliklərindən biri olduğunu deyib. "Agentliyin burada təmsil olunmasından çox məmnunam və qürur duyuram. Ölkələrimiz arasında çox geniş əlaqələr var. Biz ölkələrimiz arasında xəbər mübadiləsinin aparılması üzrə müxtəlif istiqamətlərdə birlikdə çalışmalıyıq", - deyə baş direktor qeyd edib.
Xatırladaq ki, AZƏRTAC Qlobal Media Konqresin media tərəfdaşıdır və tədbir çərçivəsində keçirilən sərgidə öz stendi ilə təmsil olunub. Sərgidə dünyanın hər yerindən 150-dən artıq media şirkət iştirak edib.