Özbəkistanın Amiriy adına mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Kokand şəhəri Amiriy adına Mərkəzi Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub.
Tədbirdə çıxış edən İnformasiya-kitabxana mərkəzinin direktoru Rüstəm Xusanov kitabxanaların cəmiyyətimizdəki rolundan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin kitab və mütaliə, kitabxana elminin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi kimi aktual məsələlərə diqqətindən danışıb. O qeyd edib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Amiriy” İnformasiya-kitabxanaya hədiyyə edilən nəşrlər iki qardaş xalq arasında daha bir dostluq körpüsü rolunu oynayacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bildirib ki, Özbəkistanın kitabxana fondlarında Azərbaycan haqqında nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir və bu günə qədər Mədəniyyət Mərkəzi tərəfindən hər il minlərlə kitab həm paytaxtın kitabxanalarına və təhsil müəssisələrinə, həm də Özbəkistanın regionlarına bağışlanıb. Diplomat qeyd edib ki, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin layihəsinə əsasən bu günə qədər Azərbaycanla bağlı 100-dən çox kitab özbək dilinə tərcümə edilərək nəşr olunub.
Hədiyyə edilən nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap olunan kitablar var.
Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, keçmiş Qarabağ münaqişəsinə dair çap məhsulları da yer alıb.