28 MAY - RESPUBLİKA GÜNÜNDƏ KANADANIN TORONTO ŞƏHƏRİNDƏ AZƏRBAYCANIN RƏNGLİ BAYRAĞI QALDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyası (KADF) və üzv dərnəkləri 28 May - Respublika günü ilə əlaqədar geniş tədbirlər planı hazırlayaraq həyata keçirmişlər.
Mayın 26-da başlanmış ilk tədbirə Türk İcması Evi sahiblik etmiş və həmin gün Federasiyanın Rəqs Qrupunun müəllim və şagirdləri konsert proqramı ilə çıxış etmişlər. Mayın 27-də isə Ontario Gənclər Təşkilatı və “Azərbaycan Cultural and Education Centre” birlikdə bayram süfrəsi açmışlar.
Azərbaycan bayrağını ilk dəfə qaldırılma mərasimi isə mayın 28-də Toronto şəhərində keçirilmişdir. Əvvəlcə KADF sədri Əkbər Məcidov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradılmasından və bu dövlətin tarixi əhəmiyyətindən danışmışdır. Kanada və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra isə Əkbər Məcidov, ictimai təhlükəsizlik naziri və Ontario Əyalət Məclisinin üzvü Monte Kuinter, Toronto merinin nümayəndəsi və bələdiyyə məclisinin üzvü Mike Feldman, Kanada Türk Dərnəkləri Federasiyasının sədri Nədim Düzənli, Azərbaycan icmasının ağsaqqalı Eynulla Baxşiyev Azərbaycanın üçrəngli bayrağını qaldırmışlar.
Üzeyir Hacıbəyovun Koroğlu üverturası səsləndikdən sonra isə nazir Monte Kuinter, Mike Feldman, Kanada parlamentindən Mary Galacio, Azərbaycan icmasının üzvlərini və Azərbaycan xalqını təbrik etmiş, KADF-in Kanadadakı fəaliyyətindən razılıqlarını bildirmişlər.
Kanada Türk Dərnəkləri Federasiyasının sədri Nədim Düzənli Azərbaycan Bayrağının Toronto səmalarında dalğalanmasını böyük və fərəhli hadisə adlandırmışdır.
Tədbir konsert proqramı ilə başa çatmışdır.