MƏDƏNİYYƏT
Vyanada Novruz bayramı münasibətilə konsert təşkil olunub VİDEO
Vyana, 13 mart, AZƏRTAC
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr edilmiş musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Azərbaycan xalqının əziz bayramı Novruz barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində kiçikdən-böyüyə hamının əziz bayramı olan Novruzla bağlı tədbirlər artıq ötən həftədən başlayıb və həm avstriyalı məktəblilər üçün mərkəzə ekskursiya çərçivəsində, həm də mərkəzin nəzdindəki həftəsonu kurslarının iştirakçıları ilə bayram tədbirləri keçirilib. Həmçinin vurğulanıb ki, Mədəniyyət Mərkəzi Avstriya Milli Kitabxanasında Novruzu milli bayram kimi qeyd edən ölkələrin tədbirində Azərbaycan milli mətbəxini, suvenir və təbliğat materialları, xüsusilə də milli musiqi və rəqsləri ilə təqdim edəcək.
Tədbirin bədii hissəsində görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu səhnəyə çıxıb.
Konsertdən əvvəl M. İbrahimov “Qarabağ” qrupu ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbir və konsertlərdə iştirak etdiyini bildirib. Deyib ki, bu konsertlərdə Azərbaycan mədəniyyətini və muğamını xüsusi qürur və fəxr hissi ilə təqdim edirlər. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və torpaqlarımız işğaldan azad olunub. “Qarabağ” muğam qrupunun üzvlərinin hamısının Qarabağdan olduğunu diqqətə çatdıran Xalq artisti dövlətimizin rəhbərliyinin səyləri nəticəsində Azərbaycanın regionda sülh və əmin-amanlıq istiqamətində ciddi işlər görüldüyünü bildirib.
Musiqi proqramında Xalq artisti Mənsum İbrahimov və xanəndə Sədəf Budaqovanın ifasında “Rast” və “Segah” təsnifləri, “Misri” kompozisiyası, Azərbaycan xalq mahnıları, “Qarabağ” və “Yaşa mənim xalqım” mahnıları ifa olunub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar muğamlar ifa olunarkən Füzulinin qəzəllərinə xüsusi yer verilib. Xanəndələri Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.
Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri “Naz eləmə”, “Sarı gəlin”, “Qaytağı”, “Qarabağ yallısı” və digər rəqslərimizi ifa ediblər.
Konsertdən sonra qonaqlar bayram süfrəsinə dəvət edilib və onlara Novruz hədiyyələri təqdim olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana