MƏDƏNİYYƏT
İsveçdə Novruz şənliyi təşkil edilib VİDEO
Stokholm, 17 mart, Nərgiz Cəfərli, AZƏRTAC
Martın 16-da İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveç Beynəlxalq Media Qrupu və Azərbaycan Media Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə keçirilən bayram tədbirində İsveçin müxtəlif şəhərlərindən gələn 300-ə yaxın qonaq iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Qarabağ” bazar günü məktəbinin şagirdləri qonaqların qarşısında “Almalı” rəqsini ifa ediblər. Bayram proqramında Azərbaycandan gələn müğənnilər Abbas Əhməd və Çinarə Məlikzadə də iştirak ediblər.
“Şadam ki, çoxlu həmvətənlərimiz qədim milli bayram olan Novruzu qeyd etməyə gəliblər. Mən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çox minnətdaram ki, onun səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salınıb. Bu, əvəzsizdir”, - deyə tədbirdə çıxış edən şənliyin təşkilatçısı Rəhim Telman Sadıxbəyli bildirib.
Bayram şənliyinin sonunda böyük musiqi istedadı olan azərbaycanlı gənc Aynurə Səfərova “Sən yadıma düşəndə”, “Saving all my love you” və “At last" mahnılarını Azərbaycan və ingilis dillərində ifa edib.