İsrail səfirliyi Azərbaycan vətəndaşlarına “OrCam MyEye” cihazları ianə edib VİDEO
Bakı, 20 dekabr, AZƏRTAC
Qarşıdan gələn yəhudilərin Hanukka bayramı (İşıq Festivalı), Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsrailin Azərbaycandakı səfirliyi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Görmənin işığı: İsrail texnologiyası vasitəsilə həyatların dəyişdirilməsi” adlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, səfirlik görmə məhdudiyyəti olan dörd Azərbaycan vətəndaşına dörd ədəd “OrCam MyEye” cihazını hədiyyə edib. Beləliklə, akademik və bədii sahələrdə nailiyyətləri ilə tanınan resipiyentlər gündəlik həyatlarını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş qabaqcıl texnologiyadan faydalanacaqlar.
İsraildə hazırlanmış və eynəyə qoşula bilən “OrCam MyEye” görmə qüsuru olan insanlara mətni oxumağa, üzləri tanımağa və düzgün istiqamətdə hərəkət etməyə kömək edir.
Tədbir zamanı cihazın imkanlarını əks etdirən videoçarx nümayış olunub.
Mərasimdə İsrailin Azərbaycandakı səfiri Corc Dik və ADA Universitetinin professoru Elnur Eyvazov çıxış ediblər.
İsrailin innovasiyalar sahəsində liderliyindən, Azərbaycan və İsrail arasındakı sıx əlaqələrdən bəhs edən Corc Dik deyib: “İnnovasiyalar bəşəriyyətə xidmət etdikdə daha faydalı olur. İsrail tarix boyunca çağırışlardan istifadə edərək onları imkanlara çevirib. “OrCam MyEye” həmin ideyadan qaynaqlanır. Bu cihaz qətiyyəti ixtiraçılıqla birləşdirdiyiniz zaman hər bir maneənin öhdəsindən gələ biləcəyinizə inamı əks etdirir. Bu gün biz təkcə cihazları deyil, həmin inamı bölüşürük”.
ADA Universitetinin professoru Elnur Eyvazovun sözlərinə görə, əlil olması onu heç vaxt ruhdan salmayıb, əksinə, əzmkarlığını artıraraq dünyaya töhfə verməyə həvəsləndirib. “Əlilliyin olması maneə deyil. Bu, bəlkə də bir müəllimdir. Bu mənə innovativ olmaq, problemləri qətiyyətlə və empatiya ilə həll etməyi öyrədib”, - deyə o bildirib.
Tədbirdə innovasiya və əməkdaşlıqdan istifadə edərək əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasının vacibliyi ifadə olunub.
Qeyd edək ki, 2010-cu ildə əsası qoyulan “OrCam Technologies” əlilliyi olan insanlar üçün geyilə bilən cihazlar üzrə ixtisaslaşıb. “OrCam MyEye” süni intellektdən istifadə edərək görmə qüsuru olan insanlara daha çox müstəqil həyat sürməyə kömək edir.