Fransanın əsarətindəki müstəmləkələrdən olan media nümayəndələri ilə AZƏRTAC-da görüş keçirilib VİDEO




Bakı, 26 fevral, AZƏRTAC
Fransanın əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri ilə fevralın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) görüş keçirilib.
Qonaqlar əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət sərgiyə baxıblar.
Sonra media nümayəndələrinə AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Görüşdə çıxış edən AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov martın 1-də 105 illik yubileyini qeyd edəcək agentliyin hazırda hər gün 8 dildə 600-ə yaxın xəbər yaydığını deyib. O, AZƏRTAC-ın dünyanın 53 informasiya agentliyi və media strukturu ilə əməkdaşlıq etdiyini bildirərək, agentliyin bu 105 ildə şərəfli, çətin və mürəkkəb yol keçdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, agentliyin 24 ölkədə 25 müxbir məntəqəsi fəaliyyət göstərir.
İdarə Heyəti sədrinin müavini AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşının bu ölkəyə girişinin qadağan olunması mövzusuna da toxunub. O, Fransa dövlətinin Yeni Kaledoniya və Fransanın digər müstəmləkələrində getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizəsi barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışdığını bildirib.
Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək və töhfələr verdiyini diqqətə çatdıran D.İsmayılov Fransanın əsarətində olan ölkələrin müstəqillik əldə etməsinin bütün sahələrlə yanaşı, milli mətbuatın inkişafına da təkan verəcəyinə əminliyini ifadə edib.
Qonaq jurnalistlərin səmimi qarşılanmasına görə minnətdarlığını bildirən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa əsarətindəki müstəmləkələrdən gələn media mənsublarının Bakıya səfərinin mətbuat əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədi daşıdığını, həmçinin Bakıda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə AZƏRTAC-ın xəbər buraxılışı, xarici müxbir şəbəkəsi barədə məlumat verən İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva, Qlobal kommunikasiya və informasiya idarəsinin müdiri Elşən Şahbalayev informasiya mübadiləsinin əhəmiyyətindən danışaraq gələcəkdə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildiriblər.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.