İdarə rəisi: Gəncə şəhər stadionunun tikintisinin sentyabradək başa çatdırılması nəzərdə tutulur VİDEO
Gəncə, 12 mart, Elcan Məmmədov, AZƏRTAC
1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Prezidentin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da stadionun təməli qoyulub və Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Qarşıdan gələn III MDB Oyunlarının bu şəhərdə keçiriləcəyini də nəzərə alsaq, şəhər stadionunun tikintisində işlər sürətlənib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib: “Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur. Ölkəmizdə keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin bu stadionda keçirilməsi təklifi də var. Ümumiyyətlə, stadion 9,2 hektar sahəni əhatə edir. Stadion 15 min 464 nəfərlik tamaşaçı tutumuna malik olacaq”.
Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki məhdudiyyətli tamaşaçılar üçün oturacaq yerləri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq.
Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.