Vyana OPEC-in 9-cu Beynəlxalq Seminarına ev sahibliyi edəcək VİDEO
Bakı, 27 may, AZƏRTAC
OPEC-in 9-cu Beynəlxalq Seminarı 9–10 iyul tarixlərində Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında keçiriləcək. Seminarın mövzusu “Birlikdə yol xəritəsi cızaraq: qlobal enerjinin gələcəyi” olacaq.
AZƏRTAC xəbər verir ki, qlobal enerji sənayesinin aparıcı tədbirlərindən biri hesab edilən OPEC Beynəlxalq Seminarı OPEC üzv ölkələrinin və Əməkdaşlıq Bəyanatına qoşulmuş ölkələrin nazirləri, enerji istehsal və istehlak edən ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların, iri enerji və maliyyə qurumlarının rəhbərləri, siyasətçilər, alimlər, ekspertlər və aparıcı media nümayəndələrini bir araya gətirir.
İlk dəfə 1969-cu ildə keçirilmiş seminar illər ərzində əhatə dairəsini və nüfuzunu genişləndirərək enerji sahəsində dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib. 2001-ci ildən etibarən müasir formatda keçirilən seminarlar sənayenin qarşısında duran əsas problemləri müzakirə etməyə və qlobal enerji gündəmini formalaşdırmağa töhfə verir.
2023-cü il seminarı dünyanın müxtəlif ölkələrindən mindən çox iştirakçını, o cümlədən 17 nazir, 18 şirkət, 13 beynəlxalq təşkilat rəhbərini və nüfuzlu media qurumlarının nümayəndələrini bir araya gətirib.
Qeyd etmək lazımdır ki, AZƏRTAC 9-cu OPEC Beynəlxalq Seminarının media tərəfdaşıdır. 2025-ci ildə seminar çərçivəsində aşağıdakı əsas mövzular müzakirə olunacaq:
- Neft bazarları: enerji təhlükəsizliyi, iqtisadi artım və rifah
- Qlobal enerji bazarları: qısa və uzunmüddətli perspektivlər
- Enerji sahəsinə investisiyaların artırılması üçün maliyyə səfərbərliyi
- Siyasət və tənzimləmə: ədalətli və real enerji gələcəyi
- Enerji investisiyaları: çağırışlar və imkanlar
- İnkişaf etməkdə olan ölkələrin enerji tələbatı və prioritetləri – enerji yoxsulluğunun aradan qaldırılması yolları.
2025-ci il seminarının da bu uğurlu irsi davam etdirəcəyi, yeni baxışlar təqdim edəcəyi və dayanıqlı enerji gələcəyi üçün qlobal əməkdaşlığı daha da möhkəmləndirəcəyi gözlənilir.