Umayra Tağıyeva: COP29 şəhərlərin iqlim tədbirlərinin və ekoloji həllərin irəlilədilməsində həlledici rolunu ön plana çıxardı VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Bu gün burada biz qlobal plastik çirklənməsi probleminin həlli üçün ortaq bir mesajı vermək məqsədilə toplaşmışıq. Plastik çirklənməsi ekosistemlərə, biomüxtəlifliyə və cəmiyyətlərə təsir göstərən ən ciddi ekoloji təhdidlərdən biridir və eyni zamanda, iqlim dəyişikliyi təsirlərini artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 5-də Ümumdünya Ətraf Mühit Günü münasibətilə Koreya Respublikasının ev sahibliyi etdiyi “Plastik çirklənməyə son” mövzusunda tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva deyib.
“Azərbaycan Respublikasının adından bizi Ümumdünya Ətraf Mühit Günü münasibətilə bir araya gətirdiyinə görə Koreya Respublikasının Hökumətinə dərin təşəkkürümüzü bildirir, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru xanım İnqer Andersenə rəhbərliyi və səylərinə görə minnətdarlığımızı ifadə edirik.
Bildiyiniz kimi, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) ən uğurlu sessiyalarından biri – COP29 təşkil olundu. Bu il isə COP29-un Sədrliyi olaraq, biz həmin irsdən bəhrələnərək, ambisiyaların artırılması və fəaliyyətlərin həyata keçirilməsi üçün platforma yaratmağa davam edəcəyik.
Biz inanırıq ki, Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), xüsusilə Bakı Maliyyə Məqsədi və Konvensiyanın 6-cı maddəsi çərçivəsində əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfə verəcək.
COP29, həmçinin şəhərlərin iqlim tədbirlərinin və ekoloji həllərin irəlilədilməsində həlledici rolunu ön plana çıxardı.
Azərbaycan 2026-cı ildə həm Ümumdünya Ətraf Mühit Gününə, həm də Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, biz beynəlxalq ictimaiyyətlə birlikdə bilik mübadiləsinə, ən yaxşı təcrübələrin paylaşılmasına və daha dayanıqlı, davamlı və dözümlü şəhər və icmaların formalaşdırılmasına yönəlmiş həllərin təşviqinə sadiqik.
Bu kontekstdə ağıllı şəhər inkişafı sahəsində liderliyinə görə Koreya Respublikasını alqışlayırıq.
Bu gün Koreya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi rolunu bizə təhvil verərkən, Azərbaycan üçün bu məsuliyyəti öz üzərinə götürmək böyük bir şərəfdir və biz bu hərəkata yeni təkan verməyə hazırıq”, - deyə Umayra Tağıyeva vurğulayıb.
Çıxışının yekununda Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini tədbir iştirakçılarını 2026-cı il iyunun 5-də Azərbaycanda bir araya gələrək, bu mühüm missiyanı birgə davam etdirməyə səsləyib.