Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır. Sürücülərə qanunvericiliyin tələbləri izah edilir, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
“Hər bir sürücünün məsuliyyətli davranışı ümumi yol təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən, polis sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və yolda qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırır”, - deyə məlumatda qeyd edilib.