NDU-da 811 tələbənin iştirakı ilə “Zəfərin 5 ili” adlı fləş-mob keçirilib VİDEO
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 44 günlük şanlı Vətən müharibəsində qazanılan Zəfərimizin beşinci ildönümü ilə bağlı 8 Noyabr- Zəfər Gününə həsr olunan "Zəfərin 5 ili" adlı fləş-mob təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fləş-mob ali təhsil ocağının Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Dövlət Universitetinin və NDU nəzdində üç - Tibb, Musiqi, Texniki Kollecin tələbələrinin, eləcə də İngilis dili Təmayüllü Gimnaziyanın və Beynəlxalq Məktəbin şagirdlərinin də iştirakı ilə ümumilikdə 811 könüllü tərəfindən keçirilən fləş-mob universitetin əsas korpusunun önündə təşkil olunub.
Fləş-mobda tələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızın və "Zəfər" sözünün əksini canlandırıblar.
Qeyd edək ki, 811 sayı əlamətdar gün - 8 Noyabr tarixini və on birinci ay – noyabr ayını ifadə edib. Fləş-mobun uzunu 22, eni 22 metr olmaqla 44 rəqəmini simvolizə edib.