Lesotonun rabitə naziri: Bakıda keçirilən WTDC-25 konfransı 2025-ci il üçün çox ilhamverici oldu VİDEO
Bakı, 20 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) 2025-ci il üçün çox ilhamverici oldu. Konfransın 2025-ci il üzrə mövzusu xüsusi əhəmiyyət kəsb edən inklüzivliyi ön plana çıxarır. İnklüzivlik Lesoto kimi hələ də yoxsulluq, zəif təhsil və infrastruktur çatışmazlığı ilə mübarizə aparan ölkələr üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Lesoto Krallığının rabitə, elm və texnologiya naziri Nthati Moorasi deyib. O qeyd edib ki, rəqəmsal transformasiya yalnız inkişaf etmiş ölkələri deyil, inkişaf etməkdə olan və tərəqqiyə can atan dövlətləri də əhatə etməlidir. Lesotoda hazırda rəqəmsal strategiyaların hazırlanması, kibertəhlükəsizlik üzrə addımlar, müvafiq qanunvericiliyin formalaşdırılması istiqamətində işlər aparılır.
Nazir vurğulayıb ki, forumda bu məsələlərin müzakirəsi və onların həlli ilə bağlı strategiyaların paylaşılması Lesoto üçün böyük əhəmiyyət daşıyır.
Lesoto naziri, həmçinin Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirib: “Azərbaycan bizi çox isti qarşıladı. Şəhər çox gözəldir, insanlar mehribandır, ölkəniz çox təhlükəsizdir. Bakıda “ağıllı şəhər” sistemlərinin tətbiqi xüsusilə diqqət çəkir”.
Müsahibimiz bildirib ki, Lesoto hazırda öz şəhərlərində kamera sistemlərinin qurulması, nəqliyyatın və yol hərəkətinin idarə olunmasının təkmilləşdirilməsi üzrə layihələr həyata keçirir. Bu baxımdan, iki ölkə arasında əməkdaşlıq üçün əsas sahə Bakının “ağıllı şəhər” modelinin tətbiqi və idarə edilməsi təcrübəsinin öyrənilməsi ola bilər.
Nazir əlavə edib ki, Bakıda müasirliklə klassik üslubun harmoniyası, nəqliyyatın və ictimai xidmətlərin nizamlı fəaliyyəti şəhərə xüsusi gözəllik verir. “Konfransın təşkili mükəmməldir. Bütün işlər ən yüksək səviyyədə həyata keçirilib”, – deyə nazir bildirib.