Rektor: Pedaqoji Universitetdə keyfiyyət təminatı sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulur VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Bu gün ali təhsildə keyfiyyətin yüksəldilməsi qlobal müzakirələrin əsas mövzularından biridir. Cəmiyyətin dinamik inkişafı, əmək bazarının yeni tələbləri və texnologiyaların sürətli transformasiyası ali təhsil müəssisələrindən daha çevik, daha dayanıqlı, daha innovativ yanaşmalar tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransın açılış mərasimində deyib. O bildirib ki, ölkəmizdə son illər ali təhsildə keyfiyyət təminatını gücləndirmək üçün sistemli islahatlar həyata keçirilir: “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması və beynəlxalq tələblərə uyğun akkreditasiya mexanizmlərinin tətbiqi ali təhsil sistemində şəffaflığı və məsuliyyəti kifayət qədər artırıb.
Rəqəmsal idarəetmə, təhsil və təlim resurslarının modernləşdirilməsi ali təhsilin əlçatanlığını və effektivliyini yüksəldib.
Müəllim hazırlığı, kadr inkişafı, kurikulum yenilənməsi və universitetlərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası üzrə genişmiqyaslı proqramlar artıq öz nəticələrini göstərməkdədir.
Bu islahatlar ölkəmizin ali təhsil sahəsində qlobal mühitə çevik inteqrasiyasını təmin edir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti də bu prosesdə fəal iştirak edir. Universitetimizdə keyfiyyət təminatı sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulur, daxili monitorinq, proqram qiymətləndirmə və tələbə məmnuniyyəti indikatorları təkmilləşdirilir”.
Rektor əlavə edib ki, ADPU-da müəllim hazırlığı sahəsində yeni konseptual yanaşma formalaşdırılıb: “Praktikyönümlü dərslər, məktəblərlə geniş əməkdaşlıq və tədrisdə səriştəyə əsaslanan model gücləndirilir. Xarici universitetlərlə ikili diplom, mübadilə və birgə tədqiqat proqramları genişlənir, ADPU-nun beynəlxalq elmi mühitə inteqrasiyası ildən-ilə artır.
Bu addımlar müəllim hazırlığında yüksək keyfiyyət standartları formalaşdırmağa xidmət edir”.