AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova ali məktəbdə həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib.
Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, cari ildən etibarən universitetdə süni intellekt sahəsində yeni təşəbbüslərin icrasına başlanılıb. Bu istiqamətdə AzMİU-nun nəzdində yaradılan Süni İntellekt Mərkəzi tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayacaq.
4SİM-in icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, əsas prioritetləri, eləcə də rəqabətli insan kapitalının inkişafına yönəlmiş layihə və təşəbbüslər haqqında məlumat verib. O, xüsusilə “4Sİ Akademiyası-Milli Proqram” çərçivəsində AzMİU əməkdaşları və tələbələrinin iştirakını qeyd edib. Bu təşəbbüslərin tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına mühüm töhfə verdiyi bildirilib.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil, elm, innovasiya və sənaye əlaqələrinin gücləndirilməsinə, eləcə də müasir texnoloji çağırışlara uyğun rəqabətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Memorandum çərçivəsində Sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, elmi-tədqiqat və təcrübə mübadiləsinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Tərəflər “2026–2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” çərçivəsində elm-sənaye klasteri 4.0-ın formalaşdırılması, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu əməkdaşlığın təhsil, elm və sənaye arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Görüş çərçivəsində, həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.